Xəbər
verdiyimiz kimi, sentyabrın 5-də startı verilmiş neft, qaz və kimya sənayesi
işçilərinin XXIV Spartakiadasına yekun vurulub. 29 müəssisədən 1241
iştirakçının qatıldığı spartakiadada Heydər Əliyev adına Neft Emalı Zavodu
ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, Nəqliyyat
İdarəsi isə 3-cü yeri tutub.Bu
gün “Neftçi İdman Klubu”nun inzibati binasının akt zalında qaliblərin
mükafatlandırılması mərasimi keçirildi. İlk öncə klubun idman və sağlamlıq məsələləri
üzrə baş meneceri Elmar Babanlı çıxış edərək qalibləri qazandıqları qələbələr və
qarşıdan gələn neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) münasibətilə
idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. O, çıxışına
belə davam etdi: “Bilirsiniz ki, bu il Olimpiya ilidir. Klubumuzun beş
idmançısı Rio Olimpiadasında böyük uğura imza atdı və mükafatçılar arasında yer
aldı. Rəhbərlik olaraq, olimpiadayla bağlı vaxtımız məhdud olsa da, çalışdıq ki,
spartakiadanı da mümkün qədər maraqlı keçirək”. Növbəti il bu tədbirin daha
yüksək səviyyədə təşkil olunacağını söyləyən klub rəsmisi tədbir
iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar dilədi. Sonra “Neftçi İdman
Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov spartakiadanın gedişatı
ilə bağlı geniş məlumat verdi. O, spartakiadanın ildən-ilə təkmilləşməsindən və
daha yüksək səviyyədə təşkil olunmasından söhbət açdı: “Əziz neftçilər!
Spartakiadanın bu səviyyədə keçirilməsində klubumuzla bərabər, sizlər də böyük
pay sahibisiniz. Ona görə ki, sizin yarışlarda aktiv iştirakınız, bəzən baş verən
nöqsanlardan bizləri vaxtında xəbərdar etməniz sayəsində tərəfimizdən dərhal həmin
neqativ hallar aradan qaldırılır və təbii ki, bu da ümumi işimizin mənafeyinə
xidmət edir. Məncə, biz hədəfimizə çatdıq”. Sonda o, bütün spartakiada
iştirakçılarına yarışboyu göstərdikləri fəallığa görə dərin minnətdarlığını
bildirdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı
və qalibləri təbrik etdi.Sonra
qaliblərin mükafatlandırılmasına başlanıldı və kuboklar sahiblərinə təqdim
olundu.Sonda
çıxış edən nümayəndələr spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə
“Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları
adından minnətdarlıqlarını bildirdilər.