İspaniyanın San-Sebestyan şəhərində gənclər arasında
kik-boksinq üzrə Avropa birinciliyi başa çatıb. Yarışda qitənin ən güclü gənc
kik-boksçuları ilə yanaşı Azərbaycan milli komandası da mübarizə aparıb. Avropa
birinciliyində millimizin heyətində “Neftçi İdman Klubu”nun 10 üzvü –
Zəlimxan Süleymanov, Zayal Əliyev, Çingiz Əhmədzadə, Qiyas Şahmərdanov, Nəcməddin
Məmmədzadə, Kamran Bayramov, Məqsəd Hacıyev, Elvin Məhərrəmov, Rauf Gərayzadə və
Elmir Süleymanov yer alıb. Azərbaycan idmançıları nəticədə 8 medal qazanaraq mötəbər
yarışı uğurla başa vurublar. Sevindirici haldır ki, bu medallardan 6-nı “Neftçi İdman Klubu”nun yetirmələri qazanıb. 51 kq çəki dərəcəsində
yarışan Çingiz Əhmədzadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
75 kq çəkidə mübarizə aparan Elmir Süleymanov yalnız finalda uduzaraq gümüş
medal qazanıb. “Neftçi İdman Klubu”nun daha 4 üzvü – Nəcməddin Məmmədzadə, Elvin Süleymanov, Qiyas Şahmərdanov və Kamran Bayramov Avropa birinciliyini 3-cü yerdə başa
vurublar. Beləliklə, baş məşqçi Ehram Məcidovun yetirmələri bu il “Neftçi
İdman Klubu”na Respublika Kubokunu qazandırdıqdan sonra, Avropa
birinciliyini də zəfərlə başa vurublar.