Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 15-ci
turun oyunlarına start verilib.Bu tur çərçivəsində “Qaradağ Lökbatan” Mingəçevirin
“Energetik” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman
Bazasının stadionunda keçirilən oyun komandamızın aşkar üstünlüyü şəraitində
keçib. Qarşılaşmaya sürətli hücumlarla başlayan futbolçularımız 24-cü dəqiqədə
Məhəmməd Xəlilovun vurduğu qolla önə keçiblər. Komandalar fasiləyə elə bu hesabla yollansalar da,
ikinci hissə daha məhsuldar keçib. Belə ki, hücumlarının kəsərini bir qədər də
artıran futbolçularımız rəqibi daha dörd dəfə meydanın mərkəzinə dəvət ediblər.
46-cı dəqiqədə Məhəmməd Xəlilov özünün və komandasının ikinci qolunu vurub. Cəmi
on dəqiqə sonra Nicat Əsgərov mingəçevirliləri cəzalandırıb – 3:0. Hücumlarını
davam etdirən “Qaradağ Lökbatan” daha iki qola imza ataraq hesabı
5:0-a çatdırıb. Matçın 65 və 77-ci dəqiqələrində Rüfət Məmmədov dubl edib. Beləliklə,
komandamız “Energetik”i 5:0 hesablı darmadağınla məğlub edib.