Martın 10-da Heydər Əliyev adına İdman Sarayında startı
verilmiş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. Ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 31 ölkədən 183 idmançı (110
kişi, 73 qadın) qalib adı uğrunda mübarizəyə qoşulub.Turnirin sonuncu – üçüncü günündə “Neftçi İdman
Klubu”nun cüdoçuları daha üç medal (2 gümüş, 1 bürünc) qazanıblar. Onlardan 90
kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev finala qədər maneəsiz irəliləyib.
Yalnız həlledici görüşdə cüdoçumuz Qazaxıstan təmsilçisi İslam Bozbayevə məğlub
olub və “Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb. Klubun digər
yetirməsi Elmar Qasımov (100 kq) da eyni uğura imza atıb. Finala yüksələn idmançımız
bu mərhələdə hollandiyalı Mixail Korrellə bacara bilməyib və gümüş medala yiyələnib.
Bu çəki dərəcəsində bürünc medal uğrunda həlledici görüşdə klubumuzun iki cüdoçusu
– dünya çempionu Elxan Məmmədov və Zelim Kotsiyev üz-üzə gəlib. Bu qarşılaşmadan
Elxan Məmmədov qalib ayrılıb və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.Qeyd edək ki, klubun yetirmələrindən Abdulhəqq Rəsullu,
Tural Səfquliyev (hər ikisi 90 kq) və Zelim Kotsiyev (100 kq) bürünc medal
qazanmağa çox yaxın olsalar da, sonda buna müvəffəq ola bilməyiblər.Xatırladaq ki, mötəbər turnirin ilk iki günündə
cüdoçularımız daha üç bürünc medala (Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73
kq), Xanım Hüseynova (63 kq)) sahib olmuşdular.Azərbaycan millisi “Böyük dəbilqə” turnirində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında Hollandiyadan sonra ikinci yeri tutub. Yaponiya komandası isə yarışı üçüncü yerdə başa vurub.