“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları davam
edir. Bu oyunlar çərçivəsində Heydər Əliyev adına İdman Sarayında cüdo
yarışlarına start verilib.”Neftçi İdman Klubu”nun milli komandamızın heyətində
təmsil olunan cüdoçularından səkkizi mötəbər turnirin medallarına sahib olub. İdmançılarımızdan
60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov finala qədər maneəsiz irəliləyib.
Həlledici görüşdə Türkiyə təmsilçisi Bekir Özlü ilə üz-üzə gələn cüdoçumuz rəqibi
üzərində parlaq qələbə qazanıb və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına
yiyələnib.Klubun digər yetirməsi Nicat Şıxəlizadə də eyni
uğuru təkrarlayıb. Cüdoçumuz həlledici final görüşündə Əlcəzair idmançısı Houd
Zourdanini 46-cı saniyədə ipponla məğlub edərək bu uğura imza atıb.Bu çəki dərəcəsində mükafatlar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim olunub.73 kq çəki dərəcəsində finalda klubumuzun iki
cüdoçusu – Hidayət Heydərovla Rüstəm Orucov qarşılaşıblar. Bu görüşdə Hidayət Heydərov
ipponla qalib gələrək qızıl medala yiyələnib. Rüstəm Orucov isə yarışın gümüş
medalına layiq görülüb.Zərif cinsin nümayəndələri arasında keçirilən
yarışlarda daha iki idmançımız – Nəzakət Əzizova (52 kq) və Xanım Hüseynova (63
kq) finala vəsiqə qazanıb. Hər iki idmançımız bu mərhələdə qardaş Türkiyə təmsilçilərinə
məğlub olublar və gümüş medal əldə ediblər.Paralimpiyaçı cüdoçularımızdan isə 57 kq çəki dərəcəsində
çıxış edən Afaq Sultanova və Sevda Vəliyeva finala yüksəliblər. Bu qarşılaşmadan
qalib ayrılan Afaq Sultanova qızıl, Sevda Vəliyeva isə gümüş medala layiq
görülüb.Beləliklə, klubumuzun
cüdoçuları bu idman növündə təşkil olunan yarışın ilk günündə ümumilikdə 8 medal (4 qızıl, 4
gümüş) qazanıblar.