Heydər Əliyev adına İdman
Sarayında təşkil olunan cüdo yarışlarının sonuncu günündə komanda yarışları
keçirilib. Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət komandaları uğurla
çıxış edib.Kişilərdən ibarət milli
komandamız Qırğızıstan və Türkiyə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib.
Cüdoçularımız bu mərhələdə Özbəkistan yığması üzərində 4:1 hesabı ilə inamlı qələbə
qazanıb və finala vəsiqəni təmin edib. Həlledici final qarşılaşmasında Əlcəzair
millisi ilə üz-üzə gələn komandamız güclü rəqibi üzərində 3:2 hesabı ilə qələbə
qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.Kişilərdən ibarət yığmalar
arasında birinci, ikinci və üçüncü yeri tutmuş komandalara mükafatlar Azərbaycan
Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham
Əliyev tərəfindən təqdim olunub.Qadınlardan ibarət millimiz
də finala vəsiqə qazanıb. Özbəkistan komandasını 3:2 hesabı ilə məğlub edən
xanım cüdoçularımız Türkmənistan və Mərakeş yığmaları yarışda iştirak etmədiyindən
finala yüksəliblər. Yalnız həlledici mərhələdə qardaş Türkiyə millisinə məğlub
olan komandamız İslamiadanın gümüş medalına layiq görülüb.Qeyd edək ki, istər kişi,
istərsə də qadın komandalarının heyətində çoxluq təşkil edən “Neftçi İdman Klubu”nun
cüdoçuları qazanılan uğurda böyük pay sahibi olublar.