Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatına start
verilib. 134 ölkədən 794 cüdoçunun (482 kişi, 312 qadın) mübarizə apardığı yarışda Azərbaycan millisi
17 idmançı (9 kişi, 8 qadın) ilə təmsil olunur.”Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış cüdoçusu Orxan
Səfərov mundiala uğurla başlayıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz
mübarizəyə ikinci mərhələdən qoşulub. O, ilk görüşdə bolqarıstanlı rəqibi Yanislav
Qerçev, ikinci qarşılaşmada isə portuqaliyalı Qonsalo Mansinyo üzərində ipponla
qələbə qazanıb. Növbəti görüşdə Qazaxıstan təmsilçisi, dünya və Asiya çempionu,
Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yeldos Smetovu məğlub edən
Səfərov yarımfinala yüksəlib. Bu mərhələdə Rio Olimpiadasının bürünc mükafatçısı,
özbəkistanlı Diyorbek Urozboev ilə qarşılaşan idmançımız bu dəfə də rəqibi
üzərində ipponla qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə
o, dünya və Asiya çempionu, yaponiyalı Naohişa Takatoya məğlub olub və
mundialın gümüş medalına sahib olub.Klubun 48 kq çəkidə ölkəmizi təmsil edən qadın cüdoçuları Leyla Əliyeva
və Bazarraqça Erdenebat isə ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıblar.