Bu gün Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman
Bazasında neft, qaz və kimya sənayesi işçilərinin
XXV Spartakiadasının açılış mərasimi keçirildi. Tədbirdə SOCAR-ın
prezidenti Rövnəq Abdullayev, şirkət
rəhbərliyinin nümayəndələri, gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, Olimpiya və dünya çempionları iştirak edirdilər.İlk olaraq
Spartakiadanın iştirakçı komandaları stadiona çıxdılar, yarışların baş hakimi
Hicran Şərifov Təşkilat Komitəsinin rəhbərinə raport verdi.SOCAR-ın
prezidenti Rövnəq Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibətilə
təbrik etdi: “Hər il neftçilərin peşə bayramı ərəfəsində neft, qaz və
kimya sənayesi işçilərinin Spartakiadasının keçirilməsi xoş bir ənənəyə
çevrilib. Bildiyiniz kimi, respublikamızda bədən tərbiyəsi və idmana olan
dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq
yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev
ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət
mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı
göstərib. Onun siyasi
kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti
İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.
Respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
nəhəng işlər görülür, iri layihələr həyata keçirilir. Paytaxtla yanaşı,
respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən
müasir olimpiya idman kompleksləri tikilir və bu
komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan dövlət siyasəti, atılan
addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman mərkəzlərindən
birinə çevrilməkdədir. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların
ölkəmizdə keçirilməsi və idmançılarımızın əldə etdikləri yüksək nailiyyətlər
bunun parlaq təzahürüdür.”Rövnəq
Abdullayev qeyd etdi ki, Azərbaycanda bədən tərbiyəsi və idmana olan maraq
getdikcə artır: “Bu da Spartakiadanın daha geniş miqyas almasına təkan
verib. Təbii ki, bu turnirlərin təşkil olunmasında əsas məqsəd neftçilərin və
onların ailə üzvlərinin sağlamlığının qorunmasıdır. Neft, qaz və kimya sənayesi
işçilərinin fiziki və mənəvi sağlamlığı SOCAR-ın əmək qələbələrinin əsasını
təşkil edir. Şirkətimiz bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində
fəallıq göstərir. Biz bu fəaliyyətimizi “Neftçi İdman Klubu” vasitəsilə
həyata keçiririk. Ölkəmizdəki idman klubları arasında “Neftçi” həm zəngin
tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim neft, qaz
və kimya sənayesinin işçiləri arasında müxtəlif turnirlər təşkil edir ki,
onlardan da ən möhtəşəmi Spartakiadadır. Sevindirici haldır ki, bu tədbirdə
iştirakçıların sayı ilbəil artır. Neft zəhmətkeşlərinin builki Spartakiadasında
14 idman növü üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak
edir ki, onlardan da 201-i qadındır.”SOCAR-ın
prezidenti peşəkar idmançıların yetişdirilməsi sahəsində də “Neftçi İdman
Klubu”nun danılmaz rolu olduğunu
xüsusi vurğuladı: “Klubun yetirmələri
ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edir, Azərbaycanın idman
şərəfini qoruyur və müxtəlif səviyyəli yarışlardan bir qayda olaraq Vətənə
medallarla dönürlər. Bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarında Azərbaycanın qalib adını qazanmasında klubun böyük rolu oldu. Belə
ki, əldə edilən 162 medaldan 59-nu ölkəmizə “Neftçi İdman Klubu”nun
təmsilçiləri qazandırdılar. Elə bu göstərici klubun Azərbaycan idmanı üçün nə
qədər böyük önəm daşıdığını göstərir. İnanıram ki, “Neftçi İdman Klubu”
bundan sonra da şərəfli ənənələrini layiqincə davam etdirəcək, yeni-yeni
qələbələr qazanacaq.”Gənclər və
idman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmişəyev
Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində görülən işlərdən söz açdılar. Bildirildi ki, paytaxtla yanaşı,
respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən
müasir olimpiya idman kompleksləri tikilir və bu
komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Mərasimdə Spartakiadanın
ölkə idmanı üçün əhəmiyyəti xüsusi vurğulandı,
gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan geniş bəhs olundu.Sonra idmançıların nümunəvi çıxışları oldu. Tədbirin sonunda mədəniyyət
və incəsənət xadimləri iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etdilər.