Futbol üzrə Azərbaycan
çempionatının I Divizionunda XII turun oyunları sona yetib.Bu tur çərçivəsində “Qaradağ
Lökbatan” evdə “Binə”ni qəbul edib. Qaradağ Təlim-İdman Bazasının stadionunda
baş tutan qarşılaşmada komandamız 4:1 hesablı qələbəyə sevinib. Oyunun baş
hakimi Orxan Məmmədovun start fitindən dərhal sonra qələbə əzmi ilə irəli
atılan futbolçularımız rəqibə təzyiq etməyə başlayıblar. Nəticədə matçın 15- ci
dəqiqəsində “Binə”nin oyunçusu Toure Morifere avtoqola imza atıb. 38-ci dəqiqədə
komandamız Emin Mustafayevin vurduğu qolla hesab arasındakı fərqi ikiyə
çatdırıb-2:0. İlk hissədə azarkeşlər əlavə
qola şahidlik etməyiblər. Fasilədən sonra Elvin Adışirinli oyunun 62-ci dəqiqəsində rəqib qapısına yol tapa
bilib. Matçın 82-ci dəqiqəsində Timur Dadaşov “Qaradağ Lökbatan”ın qapısına təyin
olunan penaltini dəqiq yerinə yetirib-3:1. Komandamız artırma dəqiqələrində (90+3)
“Binə”ni dördüncü dəfə meydanın mərkəzinə dəvət edib. Bu dəfə Sabir Allahquliyev adını tabloya yazdırıb.Beləliklə, “Qaradağ
Lökbatan” hazırda 32 xalla turnir cədvəlində liderliyini davam etdirir və ən
yaxın izləyicisi olan MOİK-i 12 xal qabaqlayır.