Yanvarın 5-də Lökbatan qəsəbəsində
yerləşən Qaradağ Təlim-İdman Bazasında klubumuzun təşkilatçılığı ilə start
götürmüş futbol məşqçilərinin növbəti seminarı sona yetib. Beş gün davam edən
seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı
hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir
səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı
futbolçuların yetişdirilməsinə nail olmaqdır.Qurumun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov seminar
iştirakçılarını “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq
Sadıqovun adından salamladı və onlara yeni ildə uğurlar dilədi. O, tədbir
iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən, kiçikyaşlı futbolçuların seçimi
və ələnməsi metodologiyasından söhbət açaraq, uşaqlar arasından istedadların
üzə çıxarılması və onların qorunmasında dünya təcrübəsindən yararlanmağın vacib
olduğunu söylədi.Sonra Azərbaycanın ünlü FİFA referisi Əliyar Ağayev və FİFA referi
köməkçisi Mübariz Haşımov çıxış edərək seminar iştirakçılarına oyun qaydaları
haqda ətraflı məlumat verdilər və məşqçilərin müxtəlif suallarını
cavablandırdılar.Seminarda müxtəlif mövzular müzakirə obyektinə çevrilmişdi. Futbol
məşqçilərinin nəzəri və praktiki məşğələlərdə, eləcə də verilən sualların
cavablandırılmasında göstərdikləri aktivlik və fəallıq diqqəti cəlb edirdi.”Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm
Həsənov müxtəlif sistemlər haqda geniş məlumat verdi. 4:3:3 sisteminin
təsnifatı; bu sistemdə rəqibin 1, 2, 3 və 3+1 hücumuna qarşı müdafiəçilərin
davranışı; mövqeləri itirdikdə, 1:2, 2:3, 2:4, 3:4 zamanı onların
sığortalamaları; mövqelərə sahib olduqda rəqibin 1, 2, 3 və 3+1 hücumlarına
qarşı necə davranmalı; mövqelərdən keçid və bu keçidin təkmilləşdirilməsi;
mövqeləri itirdikdə və tutduqda orta sahə oyunçularının davranışı; müdafiə,
orta sahə oyunçuları və hücumçuların birgə fəaliyyəti – son tamamlama; istedad
– onun inkişaf yolları, təkamül, xronoloji və bioloji böyümə, uğurlu amillər və
istedadın inkişafında 10 əsas faktor; oyun qaydaları və digər mövzularda həm
nəzəri, həm də praktik məşqlər keçirildi.Qeyd edək ki, “Qaradağ
Lökbatan” komandasının baş məşqçisi Həbib Ağayev də seminarda iştirak edib.