“Neftçi İdman Klubu” neft, qaz və
kimya sənayesi müəssisələrinin işçiləri arasında növbəti dəfə piyada turizm
yarışı təşkil etdi. İyulun 13-dən 15-dək Xaçmaz rayonunun meşə zolağında keçirilən turnirdə Neft Kəmərləri İdarəsi,
Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu və “Qaz
İxrac” İdarəsindən beş komanda mübarizə aparırdı.Yarışın keçirilməsində
əsas məqsəd piyada turizm yarışını neftçilər arasında inkişaf etdirmək,
işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onlar arasında sağlam
həyat tərzini təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq
və tətbiq etmək idi.Turnirin
qaydasına görə, komandanın tərkibi 6 nəfərdən (3 kişi, 2 qadın və 1 nümayəndə)
ibarət idi. Hər müəssisənin yarışda iki komanda ilə təmsil olunmaq hüququ
vardı.Öncə baş hakim
Natalya Əliyeva iştitakçılara yarış haqda məlumat verdi. Yarışın keçirilmə
qaydası aşağıdakı ardıcıllıqla təşkil olunmuşdu. Komanda əvvəlcə start
nöqtəsində qurulmuş çadırı sökür. Sonra onlar bir qədər qaçaraq, irəlidə
kəndirdən hörülmüş toru – “siçantutan”ı keçirdilər. Ardınca yenidən müəyyən
məsafəyə qədər qaçan komanda üzvləri qarşıda quraşdırılmış nişangaha xüsusi ox
atırdılar. Onlar burada qoyulmuş xüsusi kisələri götürür və hər bir iştirakçı
qurşağa qədər ayrı-ayrı kisələrə girirdilər.Müəyyən məsafəni bu vəziyyətdə
tullana-tullana qət edən yarışmaçılar təyin olunmuş nöqtədə kisələri kənara
ataraq, növbəti maneəyə doğru qaçırdılar. Komanda üzvləri burada bir neçə
taxtadan istifadə etməklə süni yaradılmış körpünü keçməli idilər. Sonra yenidən
irəli qaçaraq, çayın üzərində və iki ağac arasında quraşdırılmış paralel
kəndiri ayaqüstə keçən iştirakçılar müəyyən məsafəni qət etdikdən sonra yenidən
çayın üstündən geri qayıdırdılar. Bu
dəfə onlar asılmış kəndiri arxası üstə əllərini və ayaqlarını sürüşdürməklə
keçməli idilər. Ardınca komanda bir qədər irəliyə qaçaraq, ağacdan asılmış
kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanır. Sonra zərərçəkənin daşınması nöqtəsindən komanda üzvlərindən ikisi
yoldaşlarından birini əlləri və ya çiyinləri üzərinə götürür, qaçaraq onu
finişə daşıyırdılar. Burada isə onlar start nöqtəsində sökdükləri çadırı
yenidən quraşdıraraq əvvəlki vəziyyətinə qaytarırdılar. Yarışı ən tez və
səhvsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.Beləliklə, bir
neçə saat davam edən və marşrutunun rəngarəngliyi ilə hər kəsin böyük marağına
səbəb olan yarışa yekun vuruldu. Heydər Əliyev adına Neft Emalı Zavodunun
komandası turnirin qalibi adını qazandı. “Qaz İxrac” İdarəsi 2-ci, Neft
Kəmərləri İdarəsi isə 3-cü yeri tutdu.Sonda
mükafatlandırma mərasimi keçirildi. “Neftçi İdman Klubu”nun bədən tərbiyəsi
üzrə meneceri Akif Məmmədov çıxış edərək, klubun idarəetmə aparatının rəhbərliyi
və şəxsən Sadıq Sadıqovun adından tədbir iştirakçılarını salamladı. O,
neftçilərə və onların ailə üzvlərinə sağlam həyat tərzini aşılamağın və asudə
vaxtlarının səmərəli təşkil olunmasında daim yardımçı olmağın klubun prioritet
məsələlərindən biri olduğunu bildirdi. Respublikamızda bədən
tərbiyəsi və idmana göstərilən dövlət qayğısından söhbət açan klub rəsmisi, yarışda
göstərdikləri fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi,
onlara cansağlığı arzuladı və qalibləri təbrik etdi.Mükafatlandırma mərasimində əvvəlcə
yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olundu. Bundan
əlavə, «Neftçi İdman Klubu» «ən qocaman turist», «ən fəal turist» və «ən kiçik
turist» nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların
qalibi adına müvafiq olaraq, Almaz Ağayeva (“Qaz İxrac” İdarəsi), Anar
Mürsəlov (Neft Kəmərləri İdarəsi) və Ceyhun İbrahimov (Heydər Əliyev adına Neft
Emalı Zavodu) layiq görüldülər. Nominasiya qalibləri də klubun diplom və xatirə
hədiyyələri ilə mükafatlandırıldılar.