“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə
keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası davam
edir. Mötəbər yarışların beşinci günündə daha 7 idman növü (mini-futbol,
stritbol, stolüstü tennis, voleybol, nərd, darts, kəndirdartma) üzrə
mübarizələrə son verildi.Mini-futbol yarışında “SOCAR Petroleum” komandası
qalib adını qazandı. Heydər Əliyev adına Neft Emalı Zavodu 2-ci, “Boss Şelf”
komandası isə 3-cü yerə sahib oldu. Stritbolnövündə də kişilər arasında “SOCAR Petroleum” liderliyə yüksəldi. “Boss
Şelf” ilə Heydər Əliyev adına NEZ isə müvafiq olaraq 2-ci və 3-cü yerləri
bölüşdürdülər. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda Heydər
Əliyev adına Neft Emalı Zavodunun komandası fəxri kürsünün ən yüksək pilləsinə
qlxdı. Neft Kəmərləri İdarəsi 2-ci, “Neft Daşları” isə 3-cü pillədə qərarlaşdı.
Stolüstü tennis yarışlarında Heydər Əliyev adına NEZ yenidən liderliyi ələ
keçirdi. Qaz Emalı Zavodu 2-ci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə
3-cü yerə çıxdı. Voleybolda “Boss Şelf” komandası kişilər arasında birinci
oldu. Yarışlara ilk dəfə qatılan Sosial İnkişaf İdarəsinin kollektivi 2-ci,
Heydər Əliyev adına NEZ isə 3-cü yeri tutdu. Xanımların mübarizəsində Heydər
Əliyev adına Neft Emalı Zavodunun komandası liderliyə yüksəldi. “Azərkimya” İB
və Neft Kəmərləri İdarəsi isə müvafiq olaraq 2-ci və 3-cü yerləri
bölüşdürdülər. Darts idman növündə həm kişilər, həm də qadınlar arasında Neft
Kəmərləri İdarəsi qalib adını qazandı. Kişilər arasında Heydər Əliyev adına NEZ
və “Siyəzənneft” NQÇİ, qadınlarda isə Heydər Əliyev adına NEZ ilə
“Azərkimya” komandası müvafiq olaraq sonrakı pillələrdə qərarlaşdılar.
Kəndirdartma idman növündə də qaliblər müəyyənləşdi. “Neft Daşları”
Neftqazçıxarma İdarəsinin komandası hamıdan güclü oldu. Finalda bu kollektivə
məğlub olan Nəqliyyat İdarəsi 2-ci, “SOCAR Petroleum” isə 3-cü yerə çıxdı. Nərd
yarışlarında “Neftqaztikinti” Trestinin komandası fəxri kürsünün ən yüksək
pilləsinə qalxdı. “Bahar Enerji” Əməliyyat Şirkəti 2-ci, “Siyəzənneft” NQÇİ isə
3-cü pillədə qərar tutdu.