Bu gün Birinci Divizionda XIII
turun oyunlarına yekun vurulub.”Qaradağ Lökbatan” turnir
cədvəlinə liderlik edən MOİK-lə üz-üzə gəlib. Qaradağ Təlim-İdman Bazasının
stadionunda keçirilən qarşılaşmada gərgin idman mübarizəsi müşahidə olunub. İlk
dəqiqələrdən üstünlüyü ələ alan futbolçularımız oyunun səkkizinci dəqiqəsində
hesabı açıblar. Aqşin Muxtaroğlu adını tabloya yazdırıb. Birinci hissəyə əlavə
olunmuş vaxtda (45+2) Aqşin Muxtaroğlu özünün və komandasının ikinci qoluna
imza atıb – 2:0. Fasilədən sonra da tərəflər qarşılıqlı hücumları davam
etdiriblər. Matçın 56-cı dəqiqəsində MOİK vurulan qollardan yalnız birinin
əvəzini çıxa bilib. Rəqibin heyətində Məmməd Məmmədov fərqlənib – 2:1. Oyun elə
bu hesabla da başa çatıb. Beləliklə, “Qaradağ Lökbatan” çətin rəqiblə
qarşılaşmadan 3 xalla ayrılıb.Bu hesab isə “Sumqayıt-2” komandasının işinə
yarayıb. Belə ki, bu turda “Zirə-2” üzərində 4:0 hesablı qələbə qazanan komanda
xallarının sayını 30-a çatdırıb və turnir cədvəlində liderliyi ələ keçirib.