Azərbaycan dövlətinin bədən tərbiyəsi və idmana
göstərdiyi qayğı sayəsində ölkəmizdə idman daha da sürətlə inkişaf etməkdədir. Bu
gün respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində
böyük işlər görülür. Paytaxtımızda, eləcə də respublikanın müxtəlif bölgələrində
beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir
ki, bu da yüksək səviyyəli idmançıların hazırlanması üçün münbit şəraitin yaradılması deməkdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata
keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və
dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Məhz dövlətin, Milli
Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin,
görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük
nüfuz sahibi olmuşdur. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların
respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər
bunun açıq təzahürüdür.”Neftçi İdman Klubu” idman sahəsində dövlət
siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz
işini uğurla davam etdirir. Klubumuz mütəmadi
olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri
üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi
işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.2018-ci ildə klubumuz çoxsaylı uğurlara imza
atmışdır. İl ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın
35 növü üzrə 146 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə
və gənc, eləcə də 850-dən artıq neftçi idmanla məşğul olmuşdur.Yola saldığımız ildə “Neftçi İdman Klubu”nun fəaliyyətinin
əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi
müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə
cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində
mühüm işlər görülmüşdür. Bu müddət ərzində futtennis, voleybol, səmti müəyyənetmə,
piyada turizm, mini-futbol (Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə
və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər),
«Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr
olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri,
eləcə də spartakiada təşkil olunub keçirilmişdir ki, bu yarışlarda da 1854 nəfər
mübarizə aparmışdır.Ölkəmizdə idmanın kütləviləşməsi, sağlam gəncliyin
formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi
daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin
sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində
təşkil olunan spartakiadadır. 2018-ci ildə klubumuz tərəfindən neft, qaz və
kimya sənayesi işçilərinin XXVI Spartakiadası keçirilmişdir. Yarışda 30 müəssisədən
olan komandaların tərkibində 1412 nəfər iştirak etmişdir ki, onlardan da 334-ü
qadınlar idi. Spartakiadada 14 idman növü (atletika, mini-futbol, üzgüçülük,
voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma,
futtennis və güllə atıcılığı) üzrə yarışlar təşkil olunmuşdur.Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində
də yüksək nailiyyətlər əldə edilmişdir. Azərbaycanın müstəqillik dönəmindən
indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin, London və Rio de
Janeyro olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər.
Bununla bərabər, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda
mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə
ucaltmaqda davam edirlər. Təkcə 2018-ci il ərzində idmançılarımız 1052 medal
qazanmışlar ki, onlardan da 325-i qızıl, 305-i gümüş, 422-si isə bürüncdür.Oktyabr ayında Argentinanın paytaxtı Buenos-Ayresdə
keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında klubumuzun iki yetirməsi
medala sahib oldu. 206 ölkədən 4 mindən çox idmançının qatıldığı mötəbər
yarışda cüdoçumuz Vüqar Talıbov (66 kq) böyük əzmkarlıq nümayiş etdirərək qızıl
medala yiyələndi. Güləşçimiz Şahanə Nəzərova (43 kq) isə Olimpiadanın bürünc
medalına layiq görüldü.Həmin ayın sonlarında Macarıstanın Budapeşt şəhərində
təşkil olunan güləş üzrə dünya çempionatında yunan-Roma güləşçimiz Rəsul
Çunayev (72 kq) bürünc medal qazandı.Noyabrda Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək
güləşçilər arasında gerçəkləşən dünya çempionatında “Neftçi İdman
Klubu”nun Azərbaycan millisinin heyətində yer almış yunan-Roma güləşçisi İslam
Abbasov (87 kq) 3-cü yeri tutdu. Qeyd edək ki, bu idmançımız 2017-ci ildə keçirilən U-23 dünya
çempionatında da eyni uğura imza atmışdı.Xorvatiyanın paytaxtı Zaqrebdə iyul ayında keçirilən
yeniyetmə güləşçilərin dünya birinciliyində Şahanə Nəzərova (43 kq) gümüş, sərbəst
güləşçimiz Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala layiq görüldü.Sentyabr ayında Bakıda yüksək səviyyədə təşkil
olunan cüdo üzrə dünya çempionatında “Neftçi İdman Klubu”nun təmsilçisi Hidayət
Heydərov (73 kq) mükafata layiq yer tutdu. Cüdoçumuz 125 ölkədən 800-dək idmançının
mübarizə apardığı mundialın bürünc medalına sahib oldu.Oktyabrda Baham adalarının Nassau şəhərində keçirilən
gənc cüdoçuların dünya birinciliyində finala qədər inamla irəliləyən, yalnız həlledici
görüşdə məğlub olan Balabəy Ağayev (55) mötəbər turnirin gümüş medalına layiq
görüldü.Bundan əlavə, cüdoçularımız
il ərzində təşkil olunmuş Avropa çempionatı və kuboku yarışlarında, eləcə də
“Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində əzmlə mübarizə
apararaq ölkəmizə medallarla dönmüşlər.2018-ci ildə təkmübarizlik növləri ilə yanaşı,
kollektiv oyun növləri üzrə də mühüm addımlar atılmışdır. Yüksək liqada çıxış
edən kişilərdən ibarət voleybol və futzal komandalarımız sonuncu Azərbaycan
çempionatında 3-cü yerə çıxmışlar. Futbol üzrə ölkə çempionatının Birinci
Divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası isə mövsümü 2-ci pillədə
başa vurmuşdur.”Neftçi
İdman Klubu” uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab
edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və
kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya
xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək
müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi
İdman Klubu”nda 22 məşqçinin rəhbərliyi altında 250-dən çox uşaq və yeniyetmə
futbolun sirlərinə yiyələnir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı
ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda, eləcə də Bakı Futbol
Federasiyası tərəfindən keçirilən «Sabahın ulduzları» paytaxt çempionatında yüksək
səviyyədə təmsil olunurlar.Sadaladığımız bu uğurlar ötən il ərzində klubun
qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Bütün bu göstəricilər «Neftçi
İdman Klubu»nun Azərbaycanda lider idman cəmiyyəti olmasının əyani sübutudur.Təbii ki, klubumuzun bu nailiyyətləri əldə etməsində
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rolu danılmazdır. Məhz onun mütəmadi
olaraq göstərdiyi diqqət və qayğının sayəsində idmançılarımız üçün hər cür şərait
yaradılmışdır. İdmançılara bəslənilən belə doğma münasibət isə təbii ki, onların yeni-yeni uğurlar qazanmasında xüsusi
rola malik olan əsas amillərdən biridir.