İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr
arasında Avropa birinciliyində yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində yer alan hər iki təmsilçisi mükafata layiq yer tutub. Altmış
beş kiloqram çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli qitə birinciliyinə
inamlı start verib. İdmançımız ilk görüşdə macarıstanlı rəqibini vaxtından əvvəl
məyus edib. Xorvatiyalı güləşçiyə ilk hissədə qalib gələn Xasay yarımfinala
yüksəlib. Lakin pəhləvanımız bu mərhələdə Rusiya idmançısı ilə bacara bilməyib.
Güləşçimiz üçüncü yer uğrunda görüşdə gürcüstanlı rəqibini ilk hissədə məğlub edib
və bürünc medala layiq görülüb.Klubumuzun digər yetirməsi Allahverdi
Əliyev (71 kq) də mötəbər turnirdə eyni uğura imza atıb. Yeniyetmə idmançımız ilk
görüşündə erməni rəqibinə, daha sonra isə müvafiq olaraq Serbiya və Rumıniya təmsilçilərinə
qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Moldova təmsilçisinə məğlub
olan güləşçimiz bürünc medal uğrunda görüşdə Rusiya idmançısına qalib gəlib və
turniri üçüncü pillədə başa vurub.Qeyd edək ki, qitə birinciliyində uğurla
çıxış edən yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, 135 xalla
Avropa ikincisi olub. Milli komandamız yalnız 178 xalla Avropa çempionu olan
Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan yığması tutub.