Belarusun paytaxtı Minskdə keçirilən II Avropa
Oyunları davam edir. Mötəbər turnirin hazırda davam edən cüdo yarışlarında
“Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirmələrindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi
73 kq) uğurla çıxış edərək medala layiq görülüblər.Rüstəm Orucov monakolu Sedrik Bessini, italiyalı Fabio Bazileni və erməni
idmançı Ferdinand Karapetyanı məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə
Yunanıstan təmsilçisi Georgios Azoidis üzərində parlaq qələbə qazanan cüdoçumuz
finala vəsiqəni təmin edib. Həlledici görüşdə isveçli rəqibi Tommi Makiasa məğlub olan Rüstəm
Orucov Avropa Oyunlarının gümüş medalına sahib olub.Eyni çəkidə mübarizə aparan Hidayət Heydərov isə yarışı 3-cü pillədə başa
vurub. İdmançımız bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini
məğlubiyyətə uğradıb.Qeyd edək
ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4
mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst
medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil
olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar.