Belarusun paytaxtı Minskdə təşkil
olunan II Avropa Oyunları davam edir.Bu gün keçirilən güləş
yarışlarında “Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev (65 kq) əzmlə mübarizə apararaq
“Minsk 2019”da ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb. Üçqat dünya və
üçqat Avropa çempionu, “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan
Hacı Əliyev mötəbər turnirdə mübarizəyə səkkizdəbir finaldan başlayıb. O,
əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, ardınca isə Belarus
idmançısı Georgi Kolıevi məğlub edib. Yarımfinalda Ukraynanı təmsil edən erməni
əsilli Hor Ohannesyan üzərində qələbə qazanan güləşçimiz finala yüksəlib. Klubumuzun
yetirməsi həlledici mərhələdə Gürcüstan idmançısı, Olimpiya Oyunlarının qızıl
və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimir Xinçeqaşvili ilə üz-üzə
gəlib. Görüşdə daha inamlı təsir bağışlayan pəhləvanımız güclü rəqibini 10:2
hesabı ilə məğlub edib və II Avropa Oyunlarının qalibi adını qazanıb.Xatırladaq ki, iyunun 26-da digər sərbəst güləşçimiz
Mahir Əmiraslanov (57 kq) ölkəmizə
Avropa Oyunlarının ilk qızıl medalını qazandırmışdı.