“Neftçi İdman Klubu” Lökbatan qəsəbəsində
yerləşən Qaradağ Təlim-İdman Bazasında futbol məşqçiləri üçün növbəti seminarını keçirib. Bir neçə gün davam edən seminarın keçirilməsində
əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol
bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək
və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.”Neftçi İdman Klubu”nun kütləvi bədən
tərbiyəsi üzrə meneceri Akif Məmmədov seminar iştirakçılarını qurumun idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqovun adından salamladı və onlara uğurlar dilədi. Klub rəsmisi tədbir
iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən və kiçikyaşlı uşaqlar arasından
istedadların üzə çıxarılması metodlarından geniş söhbət açdı.Sonra AFFA-nın hakimlərin təyinatı üzrə
koordinatoru Elçin Məmmədov çıxış edərək
seminar iştirakçılarına yeni oyun qaydaları (2019) haqda ətraflı məlumat verdi
və məşqçilərin müxtəlif suallarını cavablandırdı.Ardınca klubun Uşaq Futbol Məktəbinin həkimi
Nəsir Həsənov əzələnin izometrik, eksentrik və konsentrik fəaliyyəti ilə bağlı tədbir
iştirakçılarını məlumatlandırdı.Seminarın növbəti mərhələsində “Neftçi
İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov müxtəlif sistemlər
haqda geniş nitq söylədi. O, koqnetiv məşqlər, analitik, kompleks məşqlər, uşaq
və yeniyetmələrdə güc məşqlərinin necə aparılması, superkompensasiya, maksimum
güc məşqi, kondisiya piramidası haqda da həm nəzəri, həm də praktiki məlumatlar
verdi.