“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri
Bakıda keçirilən XV Avropa Gənclər
Olimpiya Festivalında 2 qızıl medala sahib olublar. Heydər Əliyev adına İdman
Sarayında təşkil olunan yarışda təmsilçimiz Elmir Əliyev (51 kq) səkkizdəbir
finalda norveçli Kristoffer Andreseni (8:0), dörddəbir finalda rumıniyalı
Romania Nihaini (2:1), yarımfinalda gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub
edib və finala yüksəlib. Həlledici görüşdə ukraynalı Sanya Yakovlev üzərində
10:0 hesabı ilə inamlı qələbə qazanan pəhləvanımız qızıl medala sahib olub.Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan
Xasay Həsənli də eyni uğuru təkrarlayıb. İdmançımız finala gedən yolda yunanıstanlı
Fotios Bukisə (7:0), finlandiyalı Kasperi Kauhanenə (3:1), isveçrəli David
Loherə (10:2) və ukraynalı Marian Holubovskiyə (7:4) qalib gəlib. O, həlledici
qarşılaşmada Almaniya təmsilçisi Deni Nakayev ilə üz-üzə gəlib.Hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq
nümayiş etdirən pəhləvanımız mübarizənin başa çatmasına 17 saniyə qalmış
aktivinə 2 xal yazdıraraq görüşü qələbə ilə başa vurub. Qarşılaşmada 3:2 hesabı
ilə qalib gələn Xasay Həsənli mötəbər turnirin qalibi adını qazanıb.Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun
sərbəst güləşçisi Əbülfəz Nəsirov (55 kq) gümüş medal qazanıb.