Bu gün Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman
Bazasında neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının açılış
mərasimi keçirildi. Tədbirdə SOCAR-ın vitse-prezidentləri Mikayıl İsmayılov, Bədəl
Bədəlov, şirkət rəhbərliyinin nümayəndələri, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev və digər
rəsmi şəxslər iştirak edirdilər.İlk olaraq Spartakiadanın iştirakçı komandaları
stadiona çıxdılar, yarışların baş hakimi Ceyhun Şirəliyev Təşkilat Komitəsinin
rəhbərinə raport verdi. Təşkilat Komitəsinin sədri Sadıq Sadıqov XXVII
Spartakiadanı açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Sonra Azərbaycan Neft və
Qaz Sənayesi İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək hər
il neftçilərin peşə bayramı ərəfəsində neft, qaz və kimya sənayesi işçilərinin
Spartakiadasının keçirilməsinin xoş bir ənənəyə çevrildiyini söylədi: “Respublikamızda
bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində
Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkə həyatının bütün sahələrində olduğu
kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayır, kütləvi idman növlərinin
geniş yayılmasına böyük qayğı göstərir. Onun
rəhbərliyi altında bu sahədə aparılan dövlət siyasəti, atılan məqsədyönlü addımlar
sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman mərkəzlərindən birinə
çevrilməkdədir”.Natiq çıxışında ölkəmizdə idmana olan marağın
getdikcə artdığından söhbət açdı: ” Azərbaycanda bədən tərbiyəsi və idmana
olan böyük maraq Spartakiadanın daha geniş miqyas almasına təkan verir. Təbii
ki, bu turnirlərin təşkil olunmasında əsas məqsəd neftçilərin və onların ailə
üzvlərinin sağlamlığının qorunmasıdır. Neft, qaz və kimya sənayesi işçilərinin
fiziki sağlamlığı bizim üçün çox önəmlidir və qarşıya qoyduğumuz hədəfin əsasını təşkil edir. Sevindirici haldır ki, bu
tədbirdə iştirakçıların sayı ilbəil artır”.Cahangir Əliyev Spartakiadanın ölkə idmanı üçün əhəmiyyətini xüsusi vurğuladı, gənc nəslin təlim-tərbiyəsində
belə tədbirlərin rolundan geniş bəhs etdi.Sonra
idmançıların nümunəvi çıxışları oldu. Tədbirin sonunda mədəniyyət və incəsənət
xadimləri iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etdilər.Qeyd edək ki, mötəbər yarışda 33 müəssisədən 1400-dən
artıq iştirakçı 14
idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma,
şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə
atıcılığı) üzrə mübarizə aparır ki, onlardan da 300-dən çoxu
qadınlardır.