Xəbər verdiyimiz kimi, sentyabrın 16-da neft, qaz və
kimya sənayesi işçilərinin XXVII Spartakiadası start götürüb. 14 idman növü üzrə
təşkil olunan yarışlarda atletika, voleybol və güllə atıcılığı üzrə yarışlara
da yekun vurulub.Atletika növündə fərdi yarışlarda kişilərin mübarizəsində
“Neftqaztikinti” Trestinin komandası qalib adını qazanıb. Heydər Əliyev adına
NEZ 2-ci, Neft Kəmərləri İdarəsi isə 3-cü yeri tutub. Zərif cinsin nümayəndələri
arasında Neft Kəmərləri İdarəsinin komandası fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Heydər Əliyev adına NEZ və “Neft Daşları” isə müvafiq olaraq ikinci və
üçüncü yerləri bölüşdürüblər. Ailə komandaları üzrə oğlanlar arasında Heydər
Əliyev adına NEZ, qızlar arasında keçirilən yarışlarda isə Neft Kəmərləri İdarəsi
liderliyə yüksəlib. Voleybol yarışlarında kişilər arasında “SOCAR Foster
Viller” komandası qalib olub. “Neft Daşları” 2-ci, “Bos Şelf” isə 3-cü yerə
çıxıb. Qadınların mübarizəsində Heydər Əliyev adına Neft Emalı Zavodunun
kollektivi hamıdan güclü olub. “Azərkimya”
İB və Neft Kəmərləri İdarəsi isə uyğun olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Güllə atıcılığı idman növündə Neft Kəmərləri İdarəsinin komandası kişilər
arasında qalib adina sahib olub. Heydər Əliyev adına NEZ 2-ci, “Bos Şelf” isə
3-cü yeri tutub. Zəriflərin yarışında Heydər Əliyev adına Neft Emalı Zavodu
yenidən liderliyi ələ keçirib. Neft Kəmərləri İdarəsi ikinci, “Neft Daşları”
NQÇİ isə üçüncü olub.