Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 2-ci turun oyunlarına yekun vurulub. Bu tur çərçivəsində “Qaradağ Lökbatan”  “Qarabağ-2” komandası ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan və futbolçularımızın aşkar üstünlüyü şəraitində keçən oyunda  komandamız 2-1 hesabı ilə qələbə qazanıb.Hakimin start fitindən etibarən qarşılaşmaya hücumlarla başlayan “Qaradağ Lökbatan” artıq  4-cü dəqiqədə rəqibi cəzalandırıb. Futbolçumuz Zamiq Əliyev adını tabloya yazdırıb. Kəsərli hücumlarını davam etdirən komandamız 22-ci dəqiqədə Orxan Əliyevin ifasında daha bir qola imza atıb. İlk hissə “Qaradağ Lökbatan”ın 2:0 üstünlüyü ilə başa çatıb. Fasilədən sonra da matç qarşılıqlı hücumlarla davam edib. Yalnız oyunun əsas vaxtına əlavə olunmuş artırma dəqiqələrində (90+1) “Qarabağ-2” komandası qollardan birinin əvəzini çıxa bilib. Beləliklə, görüş  komandamızın 2:1 hesablı qələbəsi ilə sona yetib və “Qaradağ Lökbatan” qarşılaşmadan 3 xalla ayrılıb.