Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XVI turun oyunlarına yekun vurulub. Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “Sabah-2” komandasının qonağı olub. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında gerçəkləşən qarşılaşmada gərgin mübarizə müşahidə olunub. Matçın birinci hissəsində rəqib müəyyən qədər üstünlüyə malik olsa da, fasilədən sonra Nazim Əliyevin yetirmələri oyuna nəzarəti ələ alıblar. Belə ki, “Sabah-2” 17-ci dəqiqədə Kamran Quliyevin vurduğu qolla önə keçib – 1:0. İlk yarıda əlavə qol səsi eşidilməyib. İkinci hissədə üstünlüyü ələ alan futbolçularımız 10 dəqiqə ərzində iki dəfə fərqləniblər. 75-ci dəqiqədə Sabir Allahquliyev, 84-cü dəqiqədə isə Əbdülkərim Ağamalıyev adını tabloya yazdırıb.Beləliklə, mükəmməl oyun sərgiləyən “Qaradağ Lökbatan” rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb və növbəti 3 xalını qazanıb.