Bu gün ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən
birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində
həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya
olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Son illər ölkəmizin beynəlxalq
aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların
respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər də bunun əyani sübutudur.”Neftçi İdman Klubu” bu sahədə dövlət
siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz
işini uğurla davam etdirən öncül təşkilatlardandır. Klubumuz peşəkar
idmançıların yetişdirilməsi yolunda bütün gücü ilə çalışır və Azərbaycan
idmanına öz töhfələrini verir. Atletlərimiz mütəmadi olaraq beynəlxalq səviyyəli
yarışlarda ölkəmizi layiqincə təmsil edir, himnimizi səsləndirir və üçrəngli
bayrağımızı göylərə ucaldırlar.Bugünlərdə Yaponiyanın paytaxtı Tokioda
keçirilən XXXVII Yay Olimpiya Oyunlarında da idmançılarımız uğurlu çıxışlarını
davam etdirdilər. Belə ki, Azərbaycan idmançılarının bu mötəbər yarışa
qazandığı 44 lisenziyadan 12-si “Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur.
Klubumuz Tokio Olimpiadasında 6 cüdoçu,
3 güləşçi, 1 atlet, 1 güllə atıcısı və 1 velosipedçi ilə təmsil olunmuşdu.Qürurverici haldır ki, ölkəmizin
Tokio-2020-də əldə etdiyi 7 medaldan (3 gümüş, 4 bürünc) 2-si “Neftçi İdman
Klubu”nun yetirmələrinin payına düşür.Sərbəst
güləşçimiz Hacı Əliyev (65 kq) Yaponiyada gümüş medala sahib oldu. Mötəbər beynəlxalq
turnirlərdə daim ölkəmizin idman şərəfini layiqincə qoruyan Hacı Əliyev
üçqat dünya və üçqat Avropa çempionudur. O, Rio-2016 Yay Olimpiya
Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc
medal qazanan güləşçimiz, 2019-cu ildə Minskdə təşkil olunan sözügedən turnirdə
qızıl medala sahib olub. Bundan əlavə, Hacı Əliyev 2017-ci ildə ölkəmizdə
keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olub. Klubumuzun yetirməsi
güləş üzrə dünya kuboku yarışlarında bir gümüş, iki bürünc medala yiyələnib.Cüdoçumuz
İrina Kindzerska (+78 kq) isə Olimpiadanın bürünc medalına layiq görüldü. Qadın
cüdoçumuz 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında
gümüş medala sahib olub. Həmin il o, Budapeştdə keçirilən dünya çempionatını
üçüncü pillədə başa vurub. İrina Kindzerska 2019-cu ildə Minskin ev sahibliyi
etdiyi II Avropa Oyunlarında üçüncü yeri tutub. Bir il sonra Praqada keçirilən Avropa
birinciliyində gümüş medal qazanıb.Avqustun 24-də isə Tokioda XVI Yay
Paralimpiya Oyunlarına start veriləcək. Respublikamız Tokio Paralimpiadasına 6
idman növündə 47 kateqoriya üzrə 36 lisenziya
qazanıb ki, onlardan da 22-ni klubumuzun təmsilçiləri əldə ediblər. Sentyabrın
5-dək davam edəcək nüfuzlu yarışda “Neftçi İdman Klubu”nun yetirmələri 11 cüdoçu, 6 atlet, 3 taekvondoçu və 2 güllə atıcısı ilə təmsil olunacaqlar.
İnanırıq ki, paralimpiyaçılarımız da mübarizələrdə böyük əzmkarlıq nümayiş
etdirəcək və Yaponiyadan medallarla dönərək bizləri sevindirəcəklər.