“Neftçi İdman Klubu”nun paracüdoçuları Tokio Yay Paralimpiya Oyunlarında bu gün də möhtəşəm çıxışlarını davam etdiriblər.Yetmiş kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan xanım idmançımız Dürsədəf Kərimova ukraynalı Anastasiya Harnik və Braziliya təmsilçisi Meq Emmeriçə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada cüdoçumuz qazaxıstanlı Zarina Baybatina ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Dürsədəf Kərimova paralimpiya çempionu olub.İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev isə Tokio Paralimpiadasında bürünc medal qazanıb. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən 41 yaşlı cüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə də, dörddəbir finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub olub. Rəqib finala yüksəldiyi üçün İlham Zəkiyev təsəlliverici görüşə qatılıb. Yamaykalı Teador Subbaya qalib gələn idmançımız 3-cü yer uğrunda görüşdə mübarizə aparmadan qalib elan edilib. Buna özbəkistanlı rəqib Şirin Şaripovun qarşılaşmaya çıxmaması səbəb olub. Şaripov əvvəlki qarşılaşmasında qadağan edilmiş fənddən yararlandığı üçün yarışdan kənarlaşdırılıb.İlham Zəkiyev Afina-2004, Pekin-2008 Yay Paralimpiya oyunlarının qalibi, London-2012-nin bürünc mükafatçısıdır. Paracüdoçumuz ikiqat dünya və yeddiqat Avropa çempionudur. O, həmçinin Bakı-2015 ilk Avropa Oyunlarının qızıl medalına sahib olub.Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində paracüdoçularımızdan Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Vüqar Şirinli (60 kq) və Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abbaslı (66 kq) isə bürünc medal qazanıb.Qeyd edək ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edir ki, onlardan da 22-si “Neftçi İdman Klubu”nun yetirmələridir.