Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci günündə “Neftçi İdman Klubu”nun  cüdoçuları 2 medala sahib olublar.Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda  təmsilçilərimiz 1 qızıl və 1 gümüş  medal əldə ediblər.İdmançılarımızdan  Orxan Səfərov (66 kq) ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən idmançımız finala vəsiqə qazanıb. Orxan Səfərov qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieruya ipponla qalib gələrək “Böyük dəbilqə”nin qalibi olub.Gümüş medalı komandamızın aktivinə klubumuzun  qadın cüdoçusu İçinxorlu  Muntsxedev (57 kq) yazdırıb.  Xanım idmançımız əvvəlcə Rafaela Silva (Braziliya), daha sonra Mina Lieberini (Belçika) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, Pauline Starke (Almaniya) üzərində qələbə qazansa da, finalda Momo Tamaokiyə (Yaponiya) məğlub olaraq ikinci pillədə qərarlaşıb.Bu nəticə ilə Azərbaycan komandası hazırda  ümumi hesabda ikinci yerdədir. Yaponiya cüdoçuları 2 qızıl, 2 bürünc medalla birinci, Gürcüstan yığması isə 1 qızıl medalla üçüncü yeri tutur.Xatırladaq ki, noyabrın 7-dək davam edəcək nüfuzlu yarışda 29 ölkədən 196 cüdoçu qalib adı uğrunda mübarizə aparır.