Dekabrın 20-də “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçiləri arasında start götürmüş mini-futbol turniri başa çatıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yarışda 10 komanda mübarizə aparırdı. “A”qrupunda “Neftqaztikinti” Tresti,  “Azneft” İstehsalat Birliyi-II, “HEAVY CRANE FZE” Şirkəti, Nəqliyyat İdarəsi, “Bos Şelf” MMC, “B” qrupunda isə Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azərkimya” İstehsalat Birliyi,  “Azneft” İstehsalat Birliyi-I,   “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, və “Qaz İxrac” İdarəsinin komandaları yer almışdılar.Yarışlar Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, yarımfinal və final mərhələsinin oyunları isə “Oskar” stadionunda keçirildi.Turnirdə finala vəsiqəni “SOCAR Petroleum” və “Qaz İxrac” İdarəsinin komandaları qazandılar. Rəqibinə 3:1 hesabı ilə qalib gələn  “SOCAR Petroleum” komandası mini-futbol turnirinin qalibi adını qazandı. “Qaz İxrac” İdarəsi 2-ci, “Bos Şelf” komandası isə 3-cü yeri tutdu.”Neftçi İdman Klubu” tərəfindən “ən yaxşı oyunçu”, “ən məhsuldar oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə mükafatlar da təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Pərviz Əliyev (“Qaz İxrac” İdarəsi), Ramin İsmayılov (“SOCAR Petroleum” QSC) və İlkin Qafarov  (“Bos Şelf” MMC) layiq görüldülər.Turnirin sonunda düzənlənən mükafatlandırma mərasimində “Neftçi İdman Klubu”nun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək yarış iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun və özünün adından təbrik etdi. Onlara çətin hava şəraitində turnirdə fəal iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirən klub rəsmisi, yarış iştirakçılarına qarşılamaqda olduğumuz yeni ildə uğurlar dilədi. Sonra o, qalib komandaları qələbə münasibətilə təbrik etdi.Birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.