Azərbaycanda
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən nəhəng işlər
və iri layihələr hər birimizdə qürur hissi yaratmaqla bərabər, həm də bizləri
çox sevindirir. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi
diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün
və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən
birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində
həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya
olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Ölkəmizin beynəlxalq aləmdə
qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların respublikamızda
keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər söylədiklərimizin
bariz nümunəsidir.”Neftçi
İdman Klubu” bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından
iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi
olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri
üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi
işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.Yola
salmaqda olduğumuz ilə nəzər salsaq, klubumuzun çoxsaylı uğurlara imza atdığının şahidi
olarıq. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda
idmanın 30 növü üzrə 81 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə
yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.2021-ci
ildə “Neftçi İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın
strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan
işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi
və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. İl ərzində
həmin işçilər arasında klubumuz tərəfindən çimərlik voleybolu, «Atam, anam və mən»
(1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm
yarışı) və mini-futbol (31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə
həsr olunmuş turnir) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil
olunub ki, bu yarışlarda da yüzlərlə insan iştirak edib.Qeyd
edək ki, ölkədə mövcud olan koronavirus pandemiyası səbəbindən bu yarışların ən
kütləvisi olan spartakiada və bəzi tədbirlər təxirə salınıb.Böyük
idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlara nail
olunub.Respublikamız
müstəqillik əldə etdikdən indiyə qədər idmançılarımız bütün olimpiadalarda
iştirak edərək ölkəmizə medallarla dönüblər. Bununla bərabər, klubun yetirmələri
bu gün də müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq ölkəmizi
layiqincə təmsil etməkdədirlər. Dünyada pandemiyanın hökm sürməsinə və bu səbəbdən
bir çox yarışların təxirə salınmasına baxmayaraq, təkcə 2021- ci il ərzində
idmançılarımız 248 medal qazanıblar ki, onlardan da 100-ü qızıl, 52-si gümüş,
96-sı isə bürüncdür.”Neftçi
İdman Klubu”nun təmsilçiləri bu il Yaponiyada keçirilən Tokio-2020 Yay
Olimpiya Oyunlarında uğurla çıxış edərək 2 medala sahib olublar.İdmançılarımızdan
sərbəst güləşçi Hacı Əliyev (65 kq) Tokio Olimpiadasında yüksək göstəriciyə
nail olub və dördilliyin zirvə yarışında Azərbaycanın aktivinə gümüş medal
yazdırıb.Cüdoçumuz
İrina Kindzerska isə mötəbər yarışın bürünc medalına yiyələnib. Qeyd edək ki,
bu, Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarında əldə etdiyi ilk
medal idi.Klubumuzun
yetirmələrinin Tokioda keçirilən və 163 ölkədən 4400 idmançının 539 dəst medal
uğrunda mübarizə apardığı XVI Yay Paralimpiya Oyunlarındakı möhtəşəm
çıxışlarını isə xüsusi vurğulamaq lazımdır.Ümumiyyətlə,
Tokio Paralimpiadası Azərbaycan idmanının, xüsusilə milli Paralimpiya hərəkatının
tarixinə qızıl hərflərlə yazılıb. Mötəbər yarışa 36 idmançı ilə qatılan milli
paralimpiya komandamız 19 medal (14 qızıl, 1 gümüş və 4 bürünc) qazanaraq, 163
ölkə arasında medal siyahısında 10-cu yerdə qərarlaşıb. Bu, yeddinci dəfə
Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük
uğurdur.Qürurverici
haldır ki, Azərbaycan komandasının qazandığı bu parlaq qələbədə “Neftçi
İdman Klubu”nun yetirmələri böyük pay sahibi olublar. Belə ki, əldə olunan 19
medaldan 8-ni klubumuzun idmançıları ölkəmizə qazandırıblar.Bəri
başdan böyük təəssüf hissi ilə qeyd edək ki, paracüdoçumuz, Rio-2016-nın qalibi
Ramil Qasımovun və parataekvondoçumuz Aynur Məmmədovanın koronavirus testləri
pozitiv çıxdığından onların hər ikisi yarışları buraxmalı olublar. Ancaq bu,
komandada bir qədər məyusluq doğursa da, idmançılarımızın mübarizə əzmini qıra
bilməyib.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan paracüdoçuları Tokio
Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək ölkəmizə 8 medal
(6 qızıl, 2 bürünc) qazandırıblar.Təmsilçilərimizdən
Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf
Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq
Abbaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) isə bürünc medala sahib olublar.Beləliklə,
qələbələri ard-arda sıralayan paralimpiyaçılarımız Tokio Yay Paralimpiya Oyunlarında
tarixi uğura imza atıblar.Xatırladaq
ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə
rekord sayda – 36 idmançı təmsil edirdi ki, onlardan da 22-si “Neftçi
İdman Klubu”nun yetirmələri idi.Sentyabr
ayında Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında da atletlərimiz
uğurlu çıxışları ilə yadda qalıblar. Klubumuzun Azərbaycan millisinin heyətində
yer alan yetirmələri mötəbər yarışın 6 medalına (2 qızıl, 2 gümüş, 2 bürünc)
yiyələniblər. Onlardan yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kq) və Sərxan
Məmmədov (130 kq) qızıl, qadın güləşçimiz Şahanə Nəzərova (50 kq) isə gümüş
medal qazanıb. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd
Yusifov yalnız həlledici final qarşılaşmasında komanda yoldaşına məğlub olaraq
gümüş medala sahib olub. Digər cüdoçumuz Camal Feyziyev (+100) isə yarışı
üçüncü pillədə başa vurub. Samboçumuz Adil Adilzadə (88 kq) də turnirin bürünc
medalına layiq görülüb.Yola
saldığımız ildə ən böyük uğura klubumuzun güləşçiləri və cüdoçuları imza atıblar. Yuxarıda bu idman növlərində təmsilçilərimizin
Tokio-2020 Yay Olimpiya Oyunları və birinci MDB Oyunlarındakı nailiyyətlərini
qeyd etdik. Onların 2021-ci il ərzində bəzi mötəbər yarışlarda əldə etdikləri uğurlardan bir neçəsinə də nəzər yetirək.Mart ayında Macarıstanın paytaxtı Budapeştdə təşkil
olunan güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində “Neftçi İdman
Klubu”nun yetirmələri uğurla çıxış edərək 3 medala sahib olublar. Sərbəst
güləşçimiz Hacı Əliyev (65 kq) turnirin gümüş medalına layiq görülüb və
Tokio-2020-yə lisenziya qazanıb. Yunan-Roma güləşçilərimizdən 87 kiloqram çəki dərəcəsində mübarizə
aparan İslam Abbasov qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc
medala yiyələnib. Bu turnirdə İslam Abbasov da Tokio-2020 Yay Olimpiya Oyunlarına
lisenziya əldə edib.Apreldə
Polşanın paytaxtı Varşavada böyüklər arasında keçirilən güləş üzrə Avropa
çempionatında yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) nüfuzlu yarışın
bürünc medalını qazanıb.May ayında Şimali Makedoniyanın paytaxtı
Skopyedə 23 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatında klubumuzun
yunan-Roma güləşçisi Zaur Əliyev (55 kq) uğurla çıxış edib. Belə ki, təmsilçimiz
böyük əzmkarlıq nümayiş etdirərək Avropa çempionu adını qazanıb.İyunda
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa
birinciliyində sərbəst güləşçimiz Abdulrəhman İbrahimov (60 kq) gümüş medala
layiq görülüb. Yunan-Roma güləşçisi, 65 kiloqram çəki dərəcəsində mübarizə
aparan Kənan Abdullazadə isə qitə birinciliyinin bürünc medalına yiyələnib.Elə həmin ay “Neftçi İdman Klubu”nun digər
yetirməsi, 70 kiloqram çəkidə çıxış edən sərbəst güləşçi Turan Bayramov
Almaniyanın Dortmund şəhərində təşkil olunan gənclər arasında Avropa
birinciliyinin qalibi olub. Yunan-Roma güləşçisi Xasay Həsənli (72 kq) isə fəxri
kürsünün üçüncü pilləsində qərarlaşıb.Avqustda Rusiyanın Ufa şəhərində gənc güləşçilər
arasında keçirilən dünya birinciliyində klubumuzun yetirmələri – Turan Bayramov
(sərbəst güləş, 74 kq) və Elmir Əliyev
(yunan-Roma güləşi, 55 kq) inamla mübarizə apararaq dünya üçüncüsü olublar.Klubumuzun gənc çimərlik güləşçisi Fərid
Cabbarov (80 kq) avqust ayında həm Avropa, həm də dünya çempionu titulunu
qazanıb. Belə ki, təmsilçimiz əvvəlcə Yunanıstanın Katerini şəhərində keçirilən
çimərlik güləşi üzrə Avropa birinciliyində, cəmi bir neçə gün sonra isə
Rumıniyanın Konstanta şəhərində təşkil olunan dünya birinciliyində böyük əzmkarlıq
nümayiş etdirərək, hər iki yarışın qızıl medalına yiyələnib.Oktyabrda Norveçin paytaxtı Oslodaböyüklər
arasında keçirilən güləş üzrə dünya
çempionatında “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində
təmsil olunan yunan-Roma güləşçilərindən Sənan Süleymanov(77 kq)
mundialın gümüş, Murad Məmmədov(60 kq) isə bürünc medalına
layiq görülüb.Noyabr
ayında Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya
çempionatında klubumuzun yunan-Roma güləşçiləri Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72
kq) bürünc medala sahib olublar.Nəhayət,
dekabr ayında Bakı İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə
Azərbaycan çempionatında da pəhləvanlarımız böyük uğura imza atıblar. Yunan-Roma
güləşçilərimizdən Murad Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov
(77 kq), Orxan Nuriyev (97 kq) və Sərxan Məmmədov (130 kq) bütün qarşılaşmaları
qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Taleh Məmmədov (67 kq), Xasay Həsənli (77
kq), Arif Niftullayev (97 kq) gümüş,
Ziyad Zeynalov (55 kq), Nihad Quluzadə (60 kq), Şirxan Quliyev (77 kq) və Tural
Daşdəmirov (82 kq) isə bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan
çempionatını 5 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuran yunan-Roma güləşçilərimiz
ümumi komanda hesabında birinci yeri tutublar. Klubumuzun sərbəst güləşçiləri də
bu uğuru davam etdiriblər və çempionatın 9 medalını (4 qızıl, 5 bürünc) əldə
ediblər. Pəhləvanlarımızdan Zirəddin Bayramov (65 kq), Turan Bayramov (74 kq),
Orxan Abasov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) bütün rəqiblərini məğlub edərək
ölkə çempionu olublar. İntiqam Vəlizadə, Murad Haqverdiyev (hər ikisi 61 kq),
Seymur Cəbrayılov (65 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) isə
çempionatı üçüncü yerdə başa vurublar.Bu il “Neftçi İdman Klubu”nun cüdoçuları da uğurlu çıxışları ilə yadda
qalıblar. Təmsilçimiz Zelim Kotsoyev (100 kq) aprel ayında Portuqaliyanın
paytaxtı Lissabonda böyüklər arasındakeçirilən cüdo üzrə Avropa çempionatında mükafatçılar arasında yer alıb.
O,45 ölkədən 300-dən çox idmançının mübarizə apardığı yarışda bürünc
medala layiq görülüb.İyulda
Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında baş tutmuş Avropa
kuboku yarışında Azərbaycan millisinin heyətində təmsil olunan idmançımız Nəriman Mirzəyev (66 kq) yarışın
bürünc medalını qazanıb.Avqust ayında Latviyanın paytaxtı Riqada
yeniyetmələr arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyində klubumuzun
yetirmələrindən Aydan Vəliyeva (48 kq) bütün rəqiblərini məğlub edib və Avropa
çempionu tituluna yiyələnib. Digər idmançımız Zahir Ağazadə (60 kq) isə qitə
birinciliyini üçüncü yerdə başa vurub.Xanım
idmançımız Aydan Vəliyeva (48 kq) senyabr ayında Lüksemburqda baş tutan gənc
cüdoçular arasında Avropa birinciliyində daha bir uğura imza atıb. Cüdoçumuz 43
ölkədən 350-dən çox idmançının mübarizə apardığı mötəbər yarışda gümüş medala
sahib olub.Dekabrda
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə klublar arasında Avropa
Çempionlar Liqası turnirində “Neftçi İdman Klubu”nun yetirməsi Rüstəm
Orucov (73 kq) Serbiyanın “Srvena Zvezda” klubunun heyətində gümüş medala
yiyələnib.Elə həmin ay kişilər və qadınlar arasında təşkil
olunan cüdo üzrə Azərbaycan kuboku yarışında da idmançılarımız uğurlu çıxışlarını
davam etdiriblər. Fövqəladə Hallar
Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində
keçirilən turnirdə klubumuzun yetirmələrindən Balabəy Ağayev (60 kq), Nəriman
Mirzəyev (73 kq), Adil Kərimli (100 kq) və Aydan
Vəliyeva (48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rövşən Əliyev (60 kq), Camal
Feyziyev (+100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim
Tçkayev (81 kq), Vüqar Talıbov (90 kq), Hüseyn Dadaşov (100 kq), Şahin Qəhrəmanov
(+100 kq), Ayşə Qurbanlı (48 kq), Ülviyyə Bayramova (52 kq) və Nigar Süleymanova (+78 kq) isə bürünc medal əldə ediblər. Qeyd edək ki, “Neftçi İdman Klubu”nun
cüdoçuları 52 komandanın heyətində 307 idmançının (250 kişi, 57 qadın) qalib
adı uğrunda mübarizə apardığı yarışda 4
qızıl, 3 gümüş, 8 bürünc medal qazanaraq ümumkomanda hesabında 1-ci yeri
tutublar və Azərbaycan kubokuna sahib olublar. Bundan əlavə, cüdoçularımız il ərzində
müxtəlif ölkələrdə təşkil olunmuş “Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində də əzmlə
mübarizə apararaq ölkəmizə medallarla dönüblər.Fevral
ayında İstanbulda keçirilən atletika üzrə 26-cı Balkan çempionatında
“Neftçi İdman Klubu”nun yetirməsi,Avropa çempionu Nazim Babayev üçtəkanla tullanma yarışında bütün rəqiblərini
qabaqlayaraq qızıl medal qazanıb.İyunda
klubumuzun təmsilçisi Ruslan Lunyov Xorvatiyanın Osiek şəhərində güllə
atıcılığı üzrə təşkil olunan Avropa çempionatında 25 metr məsafəyə kiçikçaplı
tapançadan atəşaçma yarışında 582 xal toplayaraq bürünc medala yiyələnib.”Neftçi İdman Klubu”nun yetirməsi Teymur
Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi və dünyanın
şahmat ulduzlarının mübarizə apardığı nüfuzlu “Champions Chess Tour”da
(Çempionlar Turunda) böyük uğura imza atıb. Şahmatçımız “Champions Chess
Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters”
turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın
qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Teymur Rəcəbov
seriyanın üçüncü mərhələsində – “Opera Euro Rapid” turnirində üçüncü,
final mərhələsində isə ikinci yeri tutub. Qeyd edək ki, 2021-ci il yanvar
ayının əvvəlində start götürmüş və oktyabrın 4-dək davam edən “Champions
Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olub.Bundan
əlavə, klubumuzun yetirmələri müxtəlif idman növlərində də il ərzində dünya,
Avropa çempionat və birinciliklərində, eləcə də digər beynəlxalq turnirlərdə əzmkarlıq
nümayiş etdirərək ölkəmizə medallarla dönüblər.2021-ci
ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm
addımlar atılıb. Yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandamız
sonuncu Azərbaycan çempionatında turnir cədvəlinin lideri olsa da, koronavirus
pandemiyası səbəbindən çempionat yarımçıq dayandırılıb.”Neftçi
İdman Klubu” uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab
edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və
kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya
xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək
müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi
İdman Klubu”nda 24 məşqçinin rəhbərliyi altında 300-ə yaxın uşaq və yeniyetmə
futbolun sirlərini öyrənir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı
ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil
olunurlar.Sadaladığımız
bu uğurlar il ərzində klubun əldə etdiyi çoxsaylı nailiyyətlərin cüzi bir hissəsidir.Ümumiyyətlə,
qazandığı yüksək nailiyyətlər sayəsində “Neftçi İdman Klubu” Gənclər və
İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl olaraq
yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə
“İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb.Təbii
ki, əldə olunan nailiyyətlər bizi sevindirməyə bilməz. Ancaq qazanılan bu
uğurlarla kifayətlənmək fikrində də deyilik. Əksinə, daha yüksək nətcələr əldə
etmək üçün inamla, əzmlə çalışırıq və irəliyə doğru addımlamaqda israrlıyıq.