Yanvarın 11-də startı verilmiş böyüklər arasında boks üzrə respublika  çempionatına yekun vurulub. Boks Mərkəzində təşkil olunan yarışda idmançılar 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Çempionatda ölkənin  müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 dəri əlcək ustası qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, boksçularımız çempionatın 5 qızıl, 2 gümüş və 1 bürünc medalını qazanaraq, komanda hesabında birinci yeri tutublar.İdmançılarımızdan Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlub olan Nihad Allahverdiyev (51 kq) və İsmayıl Yaqubov (+92 kq) gümüş, Xəzər Əliyev (71 kq) isə bürünc medala sahib olub.Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.