“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin işçiləri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turnirinə yekun vuruldu. Yanvarın 24-də startı verilmiş yarışlar “Məşəl” İdman Kompleksinin voleybol zalında baş tutdu.Dairəvi sistemlə keçirilən turnirin qalibi adını “Bos Şelf” komandası qazandı. Heydər Əliyev adına Neft Emalı Zavodu ikinci, “Qaz İxrac” İdarəsinin komandası isə üçüncü yeri tutdu.Yarışın sonunda təşkil olunan mükafatlandırma mərasimində “Neftçi İdman Klubu”nun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək yarış iştirakçılarını salamladı. Qurum rəsmisi neft, qaz, kimya sənayesi işçiləri və onların ailə üzvlərinin sağlamlıqlarının qorunmasının klubun prioritet məsələlərindən biri olduğunu xüsusi vurğuladı. O, yarış iştirakçılarına turnirdə göstərdikləri fəallığa görə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun və özünün adından dərin minnətdarlığını bildirdi və qalib komandalara qələbə münasibətilə təbriklərini çatdırdı.Tədbirin sonunda qalib və mükafatçı komandalara “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri təqdim olundu.