Yanvarın 28-də Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində start götürən gənclər arasında (U-21) cüdo üzrə Bakı birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirmələri yarışda uğurla çıxış ediblər. Belə ki, gənc cüdoçularımız əzmlə mübarizə apararaq turnirin 14 medalına (4 qızıl, 3 gümüş, 7 bürünc) yiyələniblər və ümumkomanda hesabında birinci yeri tutublar.İdmançılarımızdan Hüseyn Allahyarov (60kq), İsmayıl Zamanov (81 kq), Nihad Şıxəlizadə (90 kq) və Könül Əliyeva (52 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər cüdoçularımız – Nurlan Kərimli (60 kq), Murad Əlizadə (81 kq), Məmmədəli Əliyev (90 kq) gümüş, Şükran Zamanlı, Məhərrəm Mirzəyev (hər ikisi 60 kq), Namiq Mirzəyev, Hənifə Hüseynov (hər ikisi 66 kq), Adil Adilzadə, Vidadi Məmmədov (hər ikisi 81 kq) və Səid Orucov (+100 kq) isə bürünc medala layiq görülüblər.Qeyd edək ki, Bakı birinciliyində paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından ümumilikdə 165 cüdoçu (159 oğlan, 6 qız) qalib adı uğrunda yarışıb.