Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi sona yetib. Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın tərkibində 176 boksçu mübarizə aparıb. Altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.”Neftçi İdman Klubu”nun yetirmələri ölkə birinciliyində uğurla çıxış edərək 5 medala (2 qızıl, 2 gümüş, 1 bürünc) sahib olublar.Gənc boksçularımızdan Aslan Quliyev (60 kq) və Səid Abdullayev (67 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıblar. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Sarıyev və Rəşid Məmmədov (92 kq) gümüş, Qasım Qasımov (63,5 kq) isə bürünc medala layiq görülüb.”Neftçi İdman Klubu” komanda hesabında turniri ikinci pillədə başa vurub.Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.