Kişilər və qadınlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan çempionatı sona yetib. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında təşkil olunan yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet mübarizə aparıb.Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.”Neftçi İdman Klubu”nun turnirdə qüvvəsini sınayan təmsilçisi Dadaş Dadaşbəyli (109 kq) kişilər arasında ən yüksək nəticə göstərərək respublika çempionu olub. Atletimiz birdən-birə üç Azərbaycan rekordunu qıraraq tarixi nəticəyə imza atıb. Belə ki, idmançımız birdən qaldırma hərəkətində 170 (bundan əvvəl 165), təkanla qaldırmada isə 203 (bundan əvvəl 202) kiloqram ağırlığın öhdəsindən gələrək yeni rekord qazanıb. Bununla yanaşı, toplam 373 kiloqram (170+203) nəticə göstərən Dadaş Dadaşbəyli bu günə qədər mövcud olan rekordu (bundan əvvəl 367) da yeniləyib.