Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində yeniyetmə cüdoçular (U-15) arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. Yarışda paytaxtın 52 klub, cəmiyyət və idman təşkilatlarından 736 cüdoçu (674 oğlan, 62 qız) 20 çəki dərəcəsində mübarizə aparıb.”Neftçi İdman Klubu”nun turnirdə çıxış edən yetirmələrindən beşi mükafatçılar arasında yer alıb. Yeniyetmə cüdoçularımızdan Aydan Əliyeva (57 kq) yalnız final qarşılaşmasında məğlub olub və yarışın gümüş medalına sahib çıxıb. Digər idmançılarımız – Məhəmməd Rüstəmli (38 kq), Elgün Şirəlizadə (66 kq), Dəniz Miriyeva (52 kq) və Nərmin Babayeva (57 kq) isə Bakı birinciliyini üçüncü pillədə başa vurublar.