On beş yaşadək yeniyetmə cüdoçular (U-15) arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Fövqəladə Hallar Nazirliyinin “Xilasedici”  İdman-Sağlamlıq Mərkəzində təşkil olunan  yarışda cüdoçular 20 çəki dərəcəsi üzrə mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun təmsilçiləri ölkə birinciliyinin 7 medalına (2 qızıl, 2 gümüş, 3 bürünc) yiyələniblər. Cüdoçularımızdan Sunay Salamova (28 kq) və Aysun Məmmədova (52 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Ayxan Ələkbərov (50 kq) və Dövlət Şahbazov (60 kq) gümüş medala layiq görülüblər. Klubumuzun digər yetirmələri Məhəmməd Rüstəmli (38 kq), Elgün Şirəlizadə (66 kq) və Nərmin Yusifova (57 kq) isə yarışı bürünc medalla başa vurublar.Birinciliyin yekun nəticələrinə görə, “Neftçi İdman Klubu”nun cüdoçuları ümumkomanda hesabında üçüncü yeri tutublar.Qeyd edək ki, yarışda  respublikanın 92 klub, cəmiyyət və idman təşkilatından 576 (459 oğlan, 117 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb.