Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatı sona yetib. Səkkiz komandadan 150 idmançının qatıldığı  turnirdə atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, nizə atma, lövhə atma, eləcə də nüvəitələmə yarışlarında bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun yetirmələri paytaxt çempionatında 6 medal əldə ediblər.Təmsilçilərimizdən Orxan Qasımov nizə atma yarışında 56,70 metr nəticə göstərərək Bakı çempionu olub. İslam Qəhrəmanzadə (48,04 metr) gümüş, Elman Qurbanov (44,41 metr) isə bürünc medal qazanıb.Qadınlar arasında təşkil olunan yarışda Könül Əliyeva həm nizə atmada  (27.93 metr), həm də nüvəitələmə növündə (8,40 metr) fəxri kürsünün ikinci pilləsində yer alıb. Fatimə Musayeva isə lövhə atma yarışında 30,25 metr nəticə ilə eyni uğura imza atıb və gümüş medala layiq görülüb.