“Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin 2021/2022 mövsümünün başa çatması ilə bağlı yekun iclası keçirilib. Tədbirdə qeyd olunub ki,  Uşaq Futbol Məktəbində 300-ə yaxın futbolçu bu idman növünün sirlərinə yiyələnir. “Neftçi İdman Klubu” uşaq futbolunun inkişafını daim diqqətdə saxlayır və bu sahəyə xüsusi qayğı göstərilir. Klub tərəfindən mütəmadi olaraq seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda təmsil olunurlar.Sevindirici haldır ki, bu mövsümdə U-16 komandamızın beş üzvü (Arif Mustafayev, Mehdi Haşumov, Fərid Şahhüseynli, Əli Məmmədli və Fərhad Balayev) on yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb. Təmsilçimiz U-16 Liqasında dördüncü yeri tutmasına baxmayaraq, birinci dövrəni lider kimi başa vurub. Futbolçumuz Fərid Şahhüseynli 40 qolla bu liqanın bombardiri olub.Bundan əlavə, 2021/2022 mövsümü ərzində “Neftçi İdman Klubu” Premyer Liqa klublarına 32 futbolçu verib. U-19 komandamızın futbolçuları Kamran Baloğlanov, Həbib İsmayılov, Asif Məmmədov və Raul Məmmədov isə Birinci Divizionda çempion olmuş “Qaradağ Lökbatan” komandasının heyətində uğurla çıxış edirlər. Aşağı yaş qruplarında da bir neçə istedadlı futbolçumuz fəaliyyətini davam etdirir.Sonra müxtəlif yaş qrupları üzrə komandaların baş məşqçilərinin hesabatları dinlənilib. Məşqçilər 2022/2023 mövsümünə daha yaxşı hazırlaşmaq üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.Sonda “Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov qurumun ümumi fəaliyyətindən geniş söhbət açıb və məşqçilərə yeni mövsümdə uğurlar diləyib.