Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə 93-cü respublika çempionatı keçirilib. Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş turnirdə 120-dən çox idmançı medallar uğrunda mübarizə aparıb. Yarışda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, nizə atma, lövhə atma, eləcə də nüvəitələmə yarışlarında güclərini sınayıblar.”Neftçi İdman Klubu”nun təmsilçiləri ölkə çempionatında 8 medala (4 qızıl, 3 gümüş, 1 bürünc) sahib olublar.Atletlərimizdən Nazim Babayev uzunluğa (7,71 metr) və üçtəkanla tullanma (15,95 metr) yarışlarında qızıl medala yiyələnib. Nizə atma növündə Orxan Qasımov 56 metr nəticə ilə çempion olub. Elman Qurbanov (46,21 metr) gümüş, İslam Qəhrəmanzadə (46,19 metr) isə bürünc medala layiq görülüb.Xanım idmançılar arasında təşkil olunan yarışda Könül Əliyeva həm nizə atmada  (28,55 metr), həm də nüvəitələmə növündə (8,30 metr) ikinci yeri tutub. Fatimə Musayeva isə lövhə atma yarışında 31 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.