İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Matteo Pellikone turniri davam edir.Yarışın ikinci günündə “Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) xalça üzərinə çıxıb. Pəhləvanımız təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuş Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib – 5:1. O, dörddəbir finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Güləşçimiz yarımfinalda norveçli Haavard Yorgenseni də məğlubiyyətə uğradıb – 3:1. Ancaq Ülvi Qənizadə ayağından zədələndiyi üçün finalda litvalı rəqibi Kristupas Sleyvayla görüşə çıxmayıb və reytinq turnirindən gümüş medalla ayrılıb.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) qızıl, Eldəniz Əzizli (60 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medala layiq görülüb.