Kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vurulub. Bakı İdman Sarayında təşkil olunan və 3 gün davam edən turnirdə respublikanın 68 klub, cəmiyyət və idman təşkilatından 363 cüdoçu (285 kişi, 78 qadın) çempionluq uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək çempionatın 17 medalına (8 qızıl, 4 gümüş, 5 bürünc) sahib olublar.Kişilərin mübarizəsində Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bütün rəqiblərini məğlub ediblər və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımızdan Kənan İsmayılov (60 kq), Telman Vəliyev (73 kq) gümüş, Rövşən Əliyev (60 kq), Camal Feyziyev və Şahin Qəhrəmanov (hər ikisi +100 kq) isə bürünc medala layiq görülüblər.Zərif cinsin nümayəndələri arasında keçirilən yarışlarda klubumuzun yetirmələrindən Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nigar Süleymanova (+78 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Nərgiz Hacıyeva (63 kq) və Qönçə Cəfərli (+78 kq) ikinci, Könül Əliyeva (48 kq) və Vüsalə Kərimova (57 kq) isə üçüncü yeri tutublar.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun cüdoçuları həm kişilər, həm qadınlar arasında, eləcə də ümumkomanda hesabında liderliyə yüksəliblər.