Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə Bakı şəhər çempionatına yekun vurulub. Yarışda paytaxtın müxtəlif klublarını təmsil edən 110 idmançı medallar uğrunda mübarizə aparıb. Çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə növlərində bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun yetirmələri yarışdan 4 medalla (3 qızıl, 1 bürünc) ayrılıblar. Atletlərimizdən Elmir Cəbrayılov 400 metr məsafəyə qaçışda (51,50 saniyə) finişə ən tez çatıb və qızıl medala sahib olub. Nazim Babayev üçtəkanla tullanma növündə 15,47 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orxan Aslanov uzunluğa tullanmada (6,96 metr) eyni uğuru təkrarlayıb. Digər idmançımız Nərmin Hüseynli isə nüvəitələmə yarışında 7,65 metr nəticə göstərib və üçüncü yeri tutub.