Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis turnirinə start verilib. “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 44 qurumdan 146 stolüstü tennis həvəskarı (104 kişi, 42 qadın) bacarığını nümayiş etdirir.SOCAR-ın komandasından dörd iştirakçı final mərhələsinə vəsiqə qazanıb. Valeh Musayev “Azərenerji”, Azərbaycan Dəmir Yolları və Dövlət Vergi Xidmətinin, Aleksandr Prosalov Maliyyə Nazirliyi, “Azərenerji” və Neft Fondunun, Süleyman Alimov  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta və Vergilər Nazirliyinin,  Svetlana Kayumova isə Dövlət Sərhəd Xidməti və Azərbaycan Dəmir Yollarının nümayəndəsinə qalib gələrək bu uğura nail olublar.Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirin keçirilməsində məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi və idmanın bu növünün populyarlığının artırılmasıdır.Turnirə fevralın 28-də yekun vurulacaq.