Bakı İdman Sarayında keçirilən iyirmi yaşadək güləşçilər arasında (U-20) Azərbaycan birinciliyi sona çatıb. Yarışın son iki günü ərzində yunan-Roma güləşçiləri 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək respublika birinciliyinin 8 medalına (4 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar.Təmsilçilərimizdən 55 kiloqram çəki dərəcəsində çıxış edən Elmir Əliyev, Fəraim Mustafayev (63 kq), Davud Məmmədov (77 kq) və İsmayıl Rzayev (82 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu titulunu qazanıblar. Digər idmançılarımızdan Fərid Sadıxlı (55 kq), Urfan Həsənli (72 kq) gümüş, Kənan Abdullazadə (67 kq) və Füzuli Abbasov (72 kq) isə bürünc medala yiyələniblər.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri ümumi komanda hesabında birinci yeri tutublar.Xatırladaq ki, daha əvvəl yarışı 11 medalla (3 qızıl, 2 gümüş, 6 bürünc) başa vuran sərbəst güləşçilərimiz də ümumi komanda hesabında liderliyə yüksəlmişdilər.Birincilikdə mükafatçılar sırasında yer alan idmançılar yığma komandalara cəlb ediləcəklər.Qeyd edək ki, aprelin 1-dən 4-dək Bakı İdman Sarayında yeniyetmə güləşçilər arasında Azərbaycan birinciliyi təşkil olunacaq.