Energetika Nazirliyinin təşkilatçılığı ilə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri start götürüb.Yarışda Energetika Nazirliyi aparatının, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin komandaları mübarizə aparırlar.İlk öncə turnirin açılış mərasimi keçirilib, sonra isə yarışlara start verilib.Birinci turda SOCAR komandası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin kollektivi ilə üz-üzə gəlib. Yeddinci mikrorayondakı “Azfar” stadionunda baş tutan görüşdə təmsilçimiz oyuna nəzarəti bütünlüklə ələ alıb. SOCAR-ın aşkar üstünlüyü şəraitində keçən qarşılaşmada komandamız böyükhesablı qələbə qazanıb – 14:0. Futbolçularımızdan Mehman Baxşıyev 7, Namiq Qocayev və Fikrət Zeynallı hərəyə 3, Nicat Həsənov isə 1 dəfə fərqlənib.Qeyd edək ki, turnirin final oyunu və mükafatlandırma mərasimi mayın 6-da keçiriləcək.