Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Yarışin ilk günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar.”Neftçi İdman Klubu”nun yığma  komandamızın heyətində təmsil olunan sərbəst güləşçisi, Azərbaycan millisinin lideri Hacı Əliyev (70 kq) əzmkarlıq nümayiş etdirərək mötəbər yarışda böyük uğura imza atıb. Belə ki, idmançımız təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib – 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib – 4:0. O, yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib. Hacı Əliyev həlledici qarşılaşmada bolqarıstanlı Ramazan Ramazanovla üz-üzə gəlib. Otuz iki yaşlı pəhləvanımız inamla çıxış edərək rəqibinə 10:3 hesabı ilə qalib gəlib və bununla da Hacı Əliyev karyerasında dördüncü dəfə Avropa çempionu  tituluna sahib olub.Qeyd edək ki, nüfuzlu yarışa aprelin 23-də yekun vurulacaq.