Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində kişilər arasında ACF turunun birinci turniri keçirilib. Yarışda 27 klub, cəmiyyət və idman təşkilatından 80 cüdoçu 7 çəki dərəcəsi üzrə medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri uğurla çıxış edərək, ümumilikdə yarışın 10 medalına (5 qızıl, 1 gümüş, 4 bürünc) sahib olublar.”Neftçi-Sumqayıt” komandasından 60 kiloqram çəkidə çıxış edən Kənan İsmayılov, Ruslan Paşayev (66 kq) və Adil Kərimli (100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələniblər.”Neftçi-Bakı” komandasından isə Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) eyni uğura imza ataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan İbrahim Əliyev (73 kq) gümüş medala layiq görülüb. Digər cüdoçularımız – Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq) və Nurlan Osmanov (73 kq) isə yarışı üçüncü pillədə başa vurublar.Ümumi komanda hesabında “Neftçi-Sumqayıt” birinci, “Neftçi-Bakı” isə ikinci yeri tutub.Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar sentyabrın 22-24-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə vəsiqə qazanacaqlar.