“Qafqaz” Biznes Mərkəzində Müstəqillik Gününə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan, Pakistan, İraq, Tacikistan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan 30-dan artıq komandanın heyətində 300-dək idmançı qalib adı uğrunda mübarizə aparıb. Yeniyetmə, gənc və böyüklər arasında təşkil olunan turnir fri kontakt, full kontakt  və submission qaydaları üzrə keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək beynəlxalq turnirin 7 medalına (6 qızıl, 1 gümüş) sahib olublar və komanda hesabında birinci yeri tutublar. İdmançılarımızdan Əlisəfər Əmirov (66 kq, fri kontakt), Ruslan Əliyev (70 kq, full contakt), İbrahim Məmmədov (70 kq, peşəkarlararası fri contakt), Elməddin Həsənli (77 kq, full contakt ), Nurlan Canəlizadə (80 kq, full contakt) və Fatimə Mehdiyeva (65 kq, full contakt) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Klubumuzun digər təmsilçisi Yusif Mirzəliyev (24 kq, fri contakt) isə yarışın gümüş medalına layiq görülüb.