Albaniyanın paytaxtı Tiranada on yeddi yaşadək güləşçilər arasında (U-17) keçirilən  Avropa birinciliyi başa çatıb.”Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan sərbəst güləşçiləri mötəbər yarışın sonuncu günündə inamla mübarizə apararaq daha 3 medal (2 qızıl, 1 bürünc) əldə ediblər.Pəhləvanlarımızda Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində qələbə qazanıb – 16:7. Daha sonra güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. İdmançımızın qarşısında digər rəqibi, polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. Cəfər Cəfərov finalda gürcüstanlı Mate Tsinadzeni vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.Camal Abbasov (60 kq) səkkizdəbir finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb – 11:0. Təmsilçimiz yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. O, yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Camal Abbasov həlledici görüşdə rusiyalı Akramat Şakriyevlə üz-üzə gəlib. İdmançımız  9:2 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə U-17 Avropa birinciliyinin qalibi olub.Klubumuzun digər yetirməsi İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, dörddəbir finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi pəhləvanımıza bürünc medal qazanmaq şansı yaradıb. O, təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb – 5:2. İsmayıl Rəhimli bürünc medal uğrunda görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olub və fəxri kürsünün üçüncü pilləsində yer alıb.Xatırladaq ki, nüfuzlu yarışın əvvəlki günlərində klubumuzun sərbəst güləşçilərindən Hacı Kərimov (55 kq) və Yusif Dursunov (110 kq) qızıl, qadın güləşçisi  Ruzanna Məmmədova (52 kq) gümüş, yunan-Roma güləşçisi Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıb.