Xəbər verdiyimiz kimi, 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsi başa çatıb.”Neftçi” komandası nüfuzlu yarışda inamla mübarizə apararaq böyük uğura imza atıb. Belə ki, B qrupunda yer alan təmsilçimiz ilk oyununu Hollandiya millisinə qarşı keçirib və rəqibini 17-14 hesabı ilə məğlub edib. Komandamız  qrupun növbəti oyununda Macarıstanın “Qyor” klubu ilə üz-üzə gəlib və bu matçdan da qalib ayrılıb – 18:14. “Neftçi” qrupda sonuncu oyununu Litva millisinə qarşı keçirib və 20-14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqəni təmin edib. Təmsilçimiz bu mərhələdə İsrail millisi ilə qarşılaşıb. Rəqibini 19:15 hesabı ilə məğlubiyyətə uğradan komandamız finala yüksəlib. “Neftçi” həlledici görüşdə güclü Çin millisi ilə üz-üzə gəlib və rəqibi üzərində 16-12 hesabı ilə qələbə qazanaraq Netanya mərhələsinin qalibi olub.Finalın ən dəyərli oyunçusu (MVP) komandamızın basketbolçusu Brianna Freyzer seçilib.Qeyd edək ki, “Neftçi” nin məğlub etdiyi Çin millisi reytinq xallarına görə Dünya Qadın Seriyasının bir nömrəsi və üçqat qalibidir.Xatırladaq ki, “Neftçi” komandası iyunda keçirilən  3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Şuşa mərhələsində tarixi uğura imza ataraq qalib adını qazanmışdı.