İyirmi üç yaşadək (U-23) qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatı başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan və iki gün davam edən  yarışda 52 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 192 cüdoçu 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi” İdman Klubunun yetirmələri çempionatda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, cüdoçularımız 3 qızıl və 1 gümüş medal qazanaraq ümumi komanda hesabında qalib olublar.Təmsilçilərimizdən Nurlan Kərimli (60 kq), İbrahim Ağakişiyev (90 kq) və Firuzə Haqverdiyeva (+78 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq ölkə çempionluğunun sevincini yaşayıblar. Yalnız həlledici final görüşündə məğlub olan Qönçə Cəfərli (+78 kq) isə yarışın gümüş medalına layiq görülüb.